UEFA Avropa Liqasının 1/8 finalında “Vilyarreal” Kiyev “Dinamo”sunun qonağı olub. İspaniya təmsilçiləri qələbə qazanıblar. İlk hissədə Pau Torres fərqlənib. Qapısını tounulmaz saxlayan qonaqlar fasilədən sonra yenidən diqqət mərkəzinə düşüblər. Bu dəfə Raul Abiolun zərbəsi dəqiq olub:  “Dinamo” – “Vilyarreal”  0:2.

Eyni hesab “Qranada” – “Mölde” matçında da qeydə alınıb. Meydan sahibləri rəqiblərinə imkan verməyiblər. “Qaranda”nın heyətindən Xorxe Molina hesabı açıb. İkinci hissədə isə təcrübəli futbolçulardan Roberto Soldado mübarizəyə nöqtə qoyub:  “Qranada” – “Mölde” 2:0.

“Ayaks” “Yanq Boyz”la görüşdə qələbə qazanmaqda çətinlik çəkməyib. İlk hissədə hesab açılmayıb. Fasilədən sonra hücumlarını gücləndirən meydan sahibləri rəqib qapısından 3 cavabsız top keçirib. Devi Klassen, Duşan Tadiç və Brayan Brobbi qələbədə pay sahibi olub.

Həm ölkə çempionatında, həm də Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkən “Reyncers” “Slaviya”nı qonağı olub. Praqada keçirilən görüşdə 2 qol vurulsa da qalib müəyyənləşməyib. Meydan sahiblərindən Nikolay Stançu hesabı açıb. Qonaqlardan isə Filip Helander rəqib komandanı mərkəzə dəvət edib. Qalan dəqiqələrdə qol vurulmadığından görüş 1:1 hesabı ilə yekunlaşıb.